Azar “Qarabağ”la oyunda het-trik etsə…

Çempionlar Liqasının qrup mərhələsi çərçivəsində “Qarabağ”ın qonağı olacaq “Çelsi”də bütün diqqətlər Eden Azarın üzərində olacaq. Offside.com.az xəbər verir ki, belçikalı futbolçu bu gün növbəti dəfə fərqlənməyə çalışacaq.

Premyer Liqanın geridə qalan turunda “Vest Bromviç”lə qarşılaşmada dubl edən hücumameyilli oyunçu “zadənaglar”ın heyətində qollarının sayını 77-yə çatdırıb. 2012-ci ildən London təmsilçisinin formasını geyinən Azar hazırda “Çelsi” tarixinin ən məhsuldar 17-ci futbolçusudu.

26 yaşlı superulduz bu gün İbrahim Şehiçi 1 dəfə məyus edəcəyi təqdirdə, 2000-2006-cı illərdə “Çelsi”nin heyətində 78 qola imza atan islandiyalı Eydur Qudyonsenə çatacaq. Azar “Qarabağ”la matçda het-trik edərsə, İtaliya futbolunun əfsanəsi Canfranko Zolanı yaxalamış olacaq. Zola ilə birlikdə ötən əsrin əvvəllərində bu klubun formasını geyinmiş Bob Vittingemin də aktivində 80 qol var.

“Çelsi” tarixinin ən məhsuldar oyunçusu isə ötən il karyerasını başa vuran Frank Lemparddı. Sabiq kapitan 2001-2014-cü illərdə paytaxt təmsilçisinin forması altında 211 dəfə rəqib qapıçılarını məyus edib.

“Çelsi” tarixinin bombardirləri: Frenk Lempard – 211 qol; Bobbi Tamblinq – 202; Kerri Dikson – 193; Didye Droqba – 164; Roy Bentli, Peter Osqud – 150; Cimmi Qrivs – 132; Corc Mills – 125; Corc Hilsdon – 108; Berri Bric – 93; Tommi Baldvin – 92; Cimmi Floyd Hasselbaynk – 87; Huqi Qallaher – 81; Bob Vittingem, Canfranko Zola – 80; Eydur Qudyonsen – 78; Eden Azar – 77; Denni Uayz – 76.

Qeyd edək ki, Bakı Olimpiya Stadionunda keçiriləcək “Qarabağ” – “Çelsi” görüşü saat 21:00-da başlayacaq.

53 baxış