“Qarşıma heç bir hədəf qoyulmayıb” – Yunis Hüseynov

Offside.com.az xəbər verir ki, “Kəpəz”in yeni baş məşqçisi Yunis Hüseynov Qol.az saytının suallarını cavablandırıb. Gəncə klubuna təyinatından danışan mütəxəssis digər məqamlara da aydınlıq gətirib.

– Köməkçilərinizin kim olacağı dəqiqləşib?

– Hələ heç kim komandadan ayrılmayıb. Yalnız Xaliq Mərdanov öz istəyilə istefa verib gedib. Qalan hamı yerindədir.

– Komandada qalan məşqçilərlə yola davam edəcəksiniz?

– Bəli, hamısı qalacaq.

– Bəs Xaliq Mərdanovun əvəzinə kimi gətirməyi düşünürsünüz?

– Bu, gələcəyin işidir. Görək, necə olur. Mümkün namizədləri axtaracağıq.

– Artıq komanda ilə tanış olmusunuz, məşqə də çıxarmısınız. İlkin təəssüratlarınızı bilmək istərdim…

– Uşaqlarla tanış oldum. Dünən ilk məşqimizi də keçdik. Hamısı canla-başla iştirak etdi. Bu gün “Kəpəz” yaxşı vəziyyətdə deyil. Bunu özləri də yaxşı başa düşürlər. Hiss edirəm ki, onlar da bu vəziyyətdən çıxmağa çalışırlar.

– Şahin Diniyev açıqlamalarının birində bildirmişdi ki, əlimdə imkan olsaydı, futbolçuların 99 faizini göndərərdim. Maraqlıdır, siz hansı fikirdəsiniz?

– Yox, mən elə deməzdim. Bu, Şahin müəllimin fikridir. Bu uşaqların hamısı oynamağı bacaran futbolçulardır. Siz elə sual verdiniz ki? Mən heç vaxt belə söz demərəm. Sizin sualınızın cavabı bax budur.

– “Kəpəz” bu gün sonuncu pillədədir. Yəni bu komanda hazırkı vəziyyətdən çıxmağa qadirdirmi?

– Əlbəttə, qadirdir. Hamısı oynayan futbolçulardır. Heç kimdən zəif deyillər. Həvəslidirlər, oynamalıdırlar. Gəncədə 10 minlərlə azarkeşin qarşısında oynamaq bir başqa məsuliyyətdir. İnanıram ki, əllərindən gələni edəcəklər. Alınıb-alınmayacağını zaman göstərəcək. Mənə elə gəlir ki, meydanda sona qədər döyüşəcəklər.

– Rəhbərliklə də görüşünüz oldu. Qarşınıza hansı hədəflər qoyulub?

– Mənim qarşıma heç bir hədəf qoyulmayıb. Sadəcə, döyüşkən bir komanda hazırlamalıyam. İnanıram ki, istəyimizə nail olacağıq.

– Müqavilə müddətiniz nə qədərdir?

– Müqaviləmin müddəti 1 illikdir. Gələn ilin qışında başa çatacaq.

– Sizin komandaya baş məşqçi təyin olunmağınızdan sonra çoxlarını bu sual maraqlandırır: Şahin Diniyevin oğlu Kərimin “Kəpəz”dəki aqibəti necə olacaq?

– Kərim komandamızdadır. Yaxşı futbolçudur, məşqlərini edir. Bu barədə heç bir problem yoxdur. Şahin müəllim komandadan gedibsə, oğlunun buna nə dəxli var? Kərim ağıllı uşaqdır, öz oyununu oynayır. Onu bu məsələyə qatmaq lazım deyil. Məşqçinin çemodanı həmişə yanındadır. Mən də istefa verib getmişəm. Bu, məşqçilərin taleyidir. Heç bir komandada ömürlük işləmirsən. Nəticə yaxşı olanda qalırsan. Pis olanda gərək, ərizəni yazıb gedəsən.

– “Kəpəz”in sükanı arxasında ilk oyununuzu “Qəbələ”yə qarşı keçirəcəksiniz. Birinci görüşünüzdə belə güclü komanda ilə qarşılaşmaq sizdə hansısa gərginlik yaradırmı?

– Heç bir gərginlik yaratmır. Qarşımızda 2 çətin oyun var. Ümumiyyətlə, asan oyun yoxdur. Meydanda 90 dəqiqə vuruşmasan, zəif komandaya da uduzursan. Ona görə də bu oyunların heç birindən çəkinmək lazım deyil. Gəncədə oynayacağıq. Yerli azarkeşlər həmişə komandalarına sonadək dəstək olublar. Onlara deyirəm ki, heç vaxt dəstəklərini əsirgəməsinlər. İnanıram ki, həmin azarkeşlərə görə komandamız yaxşı oyun nümayiş etdirəcək.

– Sonda “Qarabağ”ın bu gün Çempionlar Liqasının qrup mərhələsində “Çelsi” ilə keçiriləcək oyunu ilə bağlı gözləntinizi bilmək istərdik.

– İlk növbədə uğurlar arzu edirəm. Çox çətin olacaq. Adından bilinir ki, necə komandaya qarşı oynayacaqlar. Bu gün İngiltərə Premyer Liqası dünyanın ən yaxşı çempionatıdır. “Çelsi” isə dünyanın ən güclü klublarından biridir. Fikrimcə, Londondakı böyükhesablı məğlubiyyətə baxmayaraq, “Qarabağ” bu gün yaxşı oyun göstərəcək. Çünki ilk oyunda komandada həyəcan çox idi. Amma ondan sonra komandamız özünə gəldi. “Atletiko” ilə həm evdə, həm səfərdə heç-heçə etdi. Artıq Çempionlar Liqasında oynamağın nə demək olduğunu dərk edirlər. Düzdür, nə qədər çətin olsa da, hamımız qələbə istəyirik. Amma əminliklə deyirəm ki, xal götürə bilərik.

107 baxış