Kamran Ağayev yenə ölkə xaricinə yollanacaq: Yerli klublar onu istəmir

Azərbaycan futbolunun son illər yetişdirdiyi ən yaxşı qapıçılardan biri sözsüz ki, Kamran Ağayevdir. Ağayev həm milli, həm də klub səviyyəsində özünü sübuta yetirib. Amma futboldan kənar davranışları eləcə də klubdaxili atmosferə yetərincə təsir etməsi onu bir az gözdən salıb. Təsadüfi deyil ki, Azərbaycan klubları artıq onun xidmətində maraqlı deyillər.

Vaxtilə Kamran Ağayevin xidmətində ölkənin bir neçə klubu maraqlı olsa da, indi bu say demək olar ki, yox səviyyəsindədir. Əslində, onun futbolçu səviyyəsi elədir ki, yerli klublara ehtiyacı olmamalıdır. Ağayev Türkiyə, Portuqaliya və Çexiya kimi futbol ölkələrində çıxış edib, amma bu ölkələrdən heç də xoş ayrılmayıb. Sonuncu belə gediş “Mlada” klubundan ayrılmasıdır. Biz Ağayevin Azərbaycana qayıtması barədə sizi məlumatlandırmışdıq. Bəs görəsən Azərbaycan klubları onun xidmətində maraqladırmı? Bununla bağlı kiçik araşdırma apardıq:

“Qarabağ”: Azərbaycan futbolunun son illərdəki lideri “Qarabağ”ın qapıçıya ehtiyacı yoxdur. Çünki  Qurban Qurbanovun əlinin altında İbrahim Şehiç, Anton Kanibalotski və onları qismən əvəzləmək gücündə olan Şahruddin Məhəmmədəliyev var.

“Qəbələ”: Kamran Ağayev “Qəbələ” üçün yaşanmış təcrübədir. Həm də Roman Qriqorçuk özü qədər sevdiyi həmyerlisi Dmitri Bezatosnının işindən razıdır. Aqil Məmmədov var ikən ikinci milli qapıçıya ehtiyac yoxdur. Murad Popov isə dördgözlə əsas heyətə düşəcəyi günü gözləyir.

“Keşlə”: Bir müddətdir ki, transfer qadağasından əziyyət çəkən əvvəlki “İnter”, indiki “Keşlə” klubunun nəinki qapıçıya, bütün mövqelərdə çıxış edən oyunçulara ehtiyacı var. Bizdə olan məlumata görə, Ağayev yaxın ətrafına bildirib ki, “Keşlə”də oynamaqda maraqlı deyil.

“Zirə”: Anar Nəzirov və Kamal Bayramov kimi iki eynisəviyyəli qapıçısı olan “Zirə”nin 3-cü yerli qolkiperə ehtiyacı yoxdur.

“Sumqayıt”: Gənclik şəhərinin transfer siyahısında Kamran Ağayevin adı yoxdur.

“Kəpəz”: Azərbaycan futbolunun tarixi klubu Kamran Ağayevi transfer etməkdə maraqlı deyil. Karyerasının böyük hissəsini bölgədə keçirmiş Kamran Ağayev üçün də “Kəpəz” ön sırlarda gəlmir.

“Səbail”: Samir Əliyev Premyer Liqanın debütantı “Səbail”ə Kamran Ağayevi cəlb etməkdə maraqlı deyil.

“Neftçi”: “Neftçi”nin yeni baş məşqçisi Tərlan Əhmədov millimizin üzvü Kamran Ağayevi yanına gətirməyi düşünmür.

Mənbə: Futbol11.az

46 baxış