“Yəqin ki, Kosovodan xal alarlar” – Vidadi Rzayev

Offside.com.az xəbər verir ki, “Kəpəz”in məşqçisi Vidadi Rzayev Qol.az saytına müsahibə verib. Komandadakı vəziyyətdən danışan mütəxəssis 21 yaşadək futbolçulardan ibarət yığmamızın Avropa çempionatının qrup mərhələsindəki çıxışına, eyni zamanda Almaniyaya 0:7 hesablı məğlubiyyətinə də toxunub.

– Son hadisələrdən sonra “Kəpəz”də vəziyyət necədir?

– Normaldır. Məşqdən yenicə çıxmışıq. Şahin müəllimin başçılığı altında hazırlıqlarımızı davam etdiririk. Qalan hər şey yaxşıdır. “Səbail”lə oyuna hazırlaşırıq. Çalışacağıq, bu komandanı doğma meydanımızda məğlub edək.

– İlk dövrədə “Dalğa Arena”da “Səbail”ə uduzmuşdunuz…

– Hə, həmin oyunda məğlub olmuşduq. Gəncədə qalib gəlmək istəyirik.

– Artıq qış fasiləsi yaxınlaşır. Təlim-məşq toplanışını harada keçirəcəksiniz?

– Bu suala Şahin müəllim cavab verə bilər. Mən bilmirəm. Amma onu deyim ki, hələ planlaşdırmamışıq. İkinci dövrə dekabrın ortalarında başa çatacaq. Hələ vaxtımız var. Ya Bakıda olacaq, ya da ölkə xaricinə çıxacağıq. Amma istənilən halda bunu Şahin müəllim daha yaxşı bilər.

– Komandaya yeni qoşulan Mansur Banın vəziyyəti nə yerdədir?

– İkinci dövrənin əvvəlində bizə qoşuldu. Yavaş-yavaş fiziki durumunu yaxşılaşdırırıq. Qarşıdakı oyunlarda bizə çox kömək edəcək.

– “Səbail”lə oyunda bu futbolçunu meydanda görə biləcəyik?

– Düzdür, heyəti Şahin müəllim hamıyla məsləhətləşdikdən sonra müəyyənləşdirir. Deyə bilərəm ki, Ba oynamağa hazırdır. Komandamıza xeyiri dəyə bilər.

– Bu gün U-21 Avropa çempionatının seçmə mərhələsində son oyununu keçirəcək. Kosova ilə görüşdən nə gözləmək olar?

– Düzdür, Almaniyaya 0:7 hesabı ilə məğlub oldular. Həmin oyuna mən də baxdım. Düşünürəm ki, Kosovo ilə oyunda uğurlu nəticə qazanmaq olar. Həm komandamıza, həm də məşqçilərimizə uğurlar arzu edirəm. Yəqin ki, Kosovadan xal ala bilərlər.

– Bəs Almaniyaya 0:7 hesablı məğlubiyyətə nə ad vermək olar?

– İlk dəqiqələrdən qol buraxdılar. Bundan sonra komandada ruh düşkünlüyü yarandı. Almanların doğrudan da yaxşı komandası var. U-21-ləri çox güclüdür. Başqa heç nə deyə bilmərəm. 1-2 dənə adi epizodlarımız oldu. Qalan bütün amillərdə almanlar bizi üstələdilər. Oyuna nəzarət tam onların əlində idi.

10 baxış