Konte “Qarabağ”la oyun üçün narahatdı

Çempionlar Liqasında “Qarabağ”la eyni qrupda yer alan “Çelsi”nin daha bir aparıcı futbolçusu sıradan çıxıb. Offside.com.az xəbər verir ki, “zadəganlar”ın ulduzu Eden Azar zədələnib.

Belə ki, hücumameyilli oyunçu Belçika millisinin heyətində Meksika ilə yoldaşlıq görüşündə (3:3) ayağından xəsarət alıb. Qarşılaşmanın 17-ci dəqiqəsində hesabı açan Azar 85-ci dəqiqədə zədələnərək, qardaşı Torqan Azarla əvəzlənmişdi.

Temue Bakayoko, Mişi Batşuayi və Alvaro Morata kimi oyunçuları zədədən əziyyət çəkən London təmsilçisində Azarın da sıradan çıxması baş məşqçi Antonio Konteni qayğılandırır.

Doğrudu, 26 yaşlı futbolçunun zədəsinin ciddi olmadığı və Belçikanın Yaponiya ilə sabahkı yoldaşlıq görüşündə iştirak etmək şansının qaldığı vurğulanıb. Məhz bundan narahat olan Konte Belçika yığmasındakı həmkarı Roberto Martinesə müraciət edib.

İtaliyalı mütəxəssis Azarın zədədən yenicə qayıtdığını və yüklənmə olacağı təqdirdə, sıradan çıxma ehtimalının yüksək olduğunu bildirib. O, xüsusən də, Çempionlar Liqasında “Qarabağ” və ardından Premyer Liqada “Liverpul”la keçiriləcək görüşlərdə əsas heyət üzvlərinin ixtiyarında olmasını istəyir.

Qeyd edək ki, “Qarabağ” – “Çelsi” matçı noyabrın 22-də Bakı Olimpiya Stadionunda keçiriləcək.

apasport.az

71 baxış