Kamran Ağayev “Mlada”nı tərk edir

Azərbaycan millisinin qapıçısı Kamran Ağayev Çexiyanın “Mlada” klubundan ayrılamağa hazırlaşır. Offside.com.az xəbər verir ki, təcrübəli “çərivə qoruyucu”su qışda mövsümün əvvəlindən çıxış etdiyi klubu tərk edəcək. Əldə etdiyimiz məlumata görə, Çexiya klubunda xoşbəxt olmayan Ağayev karyerasını ölkəmizdə davam etdirəcək.

Kamran komandasının son oyununda intizamsız hərəkəti ilə yadda qalmışdı. Belə ki, “Ostrava” ilə görüşə start heyətində başlayan Ağayev oyunu yüksək səviyyədə keçirsə də, sonradan bütün zəhmətini yerə vurmuşdu. Əvvəlcə qarşılaşmanın 73-cü dəqiqəsində hakimə yersiz etiraza görə sarı vərəqə ilə cəzalandırılan Kamran bundan iki dəqiqə sonra vaxtı uzatdığı üçün ikinci dəfə xəbərdarlıq alıb və meydandan qovulmuşdu.

Həmin oyundan sonra Çexiya mətbuatına açıqlama verən “Mlada Boleslav”ın hücumçusu Lukaş Magera komanda yoldaşının haqlı yerə meydandan qovulduğunu bildirmişdi: “Nə deyim? Kamran ilk hissədə qapısının toxunulmazlığını saxlaya bildi. Bu bizim üçün vacib idi. Amma hakimin ona qırmızı vərəqə göstərməsi haqlı qərar idi. Kamran davranışı ilə hər iki sarı vərəqəni haqq edirdi. Yaxşı ki, qələbə hesabını sona qədər qoruyub saxlaya bildik”.

Kamranın hərəkəti baş məşqçi Duşan Uhrinin də qəzəbinə səbəb olub: “Dəhşətli səhvə yol verdi. Klubun daxilində onunla məsələni aydınlaşdıracağıq”.

Qeyd edək ki, qolkiperin Boleslav təmsilçisi ilə müqaviləsi mövsümün sonunda başa çatacaq.

mənbə: futbol11.az

47 baxış