“Mənim 1 qəpiyim də mənimsənilməyib” – Şahin Diniyev

“Kəpəz”in baş məşqçisi Şahin Diniyev son vaxtlar klub ətrafında gəzən qalmaqallı xəbərlərə münasibət bildirib. Offside.com.az xəbər verir ki, 0, pul yeyintiləri ilə bağlı məsələlərdən xəbərsiz olduğunu söyləyib:

“Səmimiyyətimə inanın ki, siz bu mövzuda məndən daha çox bilirsiniz. Mən burda baş məşqçiyəm. Komandaya, futbolçulara cavabdehəm. Onlarla çalışaram. Bu cür məsələrə qarışmağa ixtiyarım yoxdu. Bilirsiniz ki, komanda Gəncədə deyil, Bakıda məskunlaşıb. Açığı, Mikayıl Nərimanoğlunun klubdan ayrılması gözlənilməz xəbər oldu. Amma yenə deyirəm, bu barədə heç nə bilmirəm. Nələr baş verdiyindən xəbərsizəm. Yəqin nəsə bir cərəyandı, gəçəcək. Əsas olan komandanın oynaması, bu vəziyyətdən çıxmasıdır”.

Son günlər AFFA-nın öz nümayəndəsi Mikayıl Nərimanoğlunu “Kəpəz”in Müşahidə Şurasından geri çağırması məsələsi müzakirə olunur. Pul yeyintisində ittiham olunan Nərimanoğlunun hətta klubda çalışanların maaşlarından haqq tutduğu iddia edilir. Bildirilir ki, maddi zərərçəkənlər arasında Şahin Diniyev də var. İddiaya görə, baş məşqçinin “Kəpəz”dəki maaşı 10 min 500 manat göstərilsə də, əslində mütəxsis 7 min manat alırmış. Arada qalan 3 min 500 manat Mikayıl Nərimanoğluna çatırmış. Diniyev isə bu xəbəri birmənalı təkzib edib:

“Allahımın, vicdamın qarşısında onu deyə bilərəm ki, orda mənim 1 qəpiyim də mənimsənilməyib. Maaşım nədirsə, onu da alıram. Klub ətrafında baş verənlərin məşqçilərə, futbolçulara heç bir aidiyyatı yoxdu. Audit yoxlaması Gəncədə keçirildi. Bizim yerimiz məşqdi, meydançadı. İşimiz isə topladı. Mən bilmirəm axı audit nəyi yoxlayıb. Ümumiyyətlə, maliyyə məsələlərinə qarışmıram. Maaşlarımız kartla ödənilir və vaxtı-vaxtında verilir”.

Baş məşqçi istefaya göndəriləcəyi ilə bağlı yayılan xəbərlərə də münasibət bildirib: “İnanın ki, heç nə bilmirəm. Bizim rəhbərimiz Mikayıl Nərimanoğlu idi. Nə xəbərlər olurdusa, onun vasitəsilə komandaya çatdırılırdı. Hazırda rəhbərimiz olmadığına görə mənə bu barədə bir söz deyilməyib. Bu gün sadəcə məşqin yerini və vaxtını deyiblər. Bundan sonra nə olacaqsa, zaman göstərəcək. Nə baş verirsə, versin, bilirəm ki, mən öz işimi vicdanla yerinə yetirirəm”.

qol.az

93 baxış