Messi və Ronaldodan “yaxşı” son futbolçuya vida – “bacarığı ayağında yox, beynində idi”

Ronaldinyo Kaka haqqında “edə bilməyəcəyi heç nə yoxdur” deyirdi. Həqiqətən də, Kaka necə istəsə o cür də idarə etdiyi karyerasını bitirdi…

“Artıq futboldan həzz almadığımı düşünürəm. Hər oyunu ağrılar içində bitirirəm. Bədənim artıq bu tempi qaldırmır. 35 yaşındaykən hər dəfə yenidən yaxşılaşmağa cəhd etmək çox çətindir”…

Kakanın “futbolu buraxıram” deməsi bu sözlərlə başladı. Son oyununda ağlamaqdan da çəkinmədi. Göz yaşlarında çoxlu hekayələr vardı. “Ballon d’Or”, Dünya kuboku, Çempionlar Liqası, Santiaqo Bernabeu, A seriyası, “Milan” və daha çox şey. Onun uşaqlıqdan bəri 2 sevgisi vardı. Biri xanımı Karelina Seliso, digəri futbol. İndi birindən ayrıldığı üçün ağlayırdı.

Pele, Ronaldo, Romario, Robinyo, Roberto Karlos, Kafu, Rivaldo – Braziliyalı futbol ulduzlarından kimin adını çəkirsinizsə yoxsulluq içindən çıxıblar. Bütün bu adı çəkilənənlər Braziliyanın tozlu küçələrində, kasıb, bəzən də təhlükəli məhlələrində futbolçu olmaq xəyalı ilə oynadılar. Hamısı da əfsanəyə çevrildilər. Kaka isə varlı ailənin uşağı idi. Baxçalarında əsl qapı və orjinal topla küçələrdə oynayanlarla eyni arzunu paylaşırdı. Digərləri üçün futbol yoxsulluqdan xilas idisə, Kaka üçün futbol yaşamaq səbəbi idi, zövq idi. Futbola məcbur olmasa da, bitməyən həvəsə sahib idi. Mühəndis atası oğlununun tennisçi olmağını arzulasa da, futbol istəyinin qarşısına keçmədi, əksinə dəstəklədi.

Rikardo İzekson dos Santos Leytenin kiçik qardaşı uşaqlıqda “Rikardo” adını təlləfüz edə bilmədiyi üçün, ona “Caca” deyirdi. Sonda isə bu ad Kaká oldu.

Kakanın dinə bağlılığı bir hadisədən sonra başlamışdı. 18 yaşında hovuza uğursuz düşməsi nəticəsində onurğa sütunundan ağır zədə aldı. Bu hadisə nəinki onun idman karyerasını yarımçıq saxlaya bilərdi, həm də ömürlük əlil arabasında qalmağına səbəb ola bilərdi. O gözləniləndən tez və tam sağala bildi. Sağalmasının Tanrının müdaxiləsi nəticəsində baş verdiyini düşünürdü. Kaka elə həmin vaxtdan həyatını dindar insan kimi yaşadı. Hər müsahibəsində “ən sevdiyi kitab hansıdır?” sualına “İncil” deyə cavab verirdi. Hər qol vuranda (237) əlini havaya qaldıraraq Tanrını xatırladı. 2017-ci ildə Çempionlar Liqası finalındakı qələbədən sonra meydanda yerə çökdü. “Mənim həyatımda bəzi dəyərlərim var” deyən Kaka bunları sona qədər qorudu. Heç dəyişmədi, həmişə özü kimi oldu. “Son dərəcə soyuqqanlı və sakit uşaqdır” deyirdi Ançelotti onun haqqında və dəfələrlə onun “bacarığı ayağında yox beynindədir” fikrini söyləyirdi. Ağlına gələnləri ayağı ilə reallaşdıran “varlı ailədən gələn uşaq” karyerasında həmişə bu bacarığı ilə diqqət çəkdi.

2007-də “Milan”la ÇL qalibi olan Kaka haqqında “Manchester United”in əfsanəsi Aleks Ferqyüsson “O dünyada yaşayan ən yaxşı 2 futbolçudan biridir” demişdi. Digəri isə Kriştiano Ronaldo idi…

2009-cu ildə BBC “Manchester United”in Kaka üçün 100 milyon funt-sterlinq təklif etdiyini yazdı. İşlər o vaxtdan dəyişməyə başladı. Kaka yayılan söz-söhbətlər sonrası “Mən “Milan”da yaşlanmaq istəyirəm” açıqlamasını verdi. Növbəti günlərdə “Milan” məni satmaq istəyirsə, oturub danışarıq” açıqlaması isə yaxında baş verəcəklərin anonsu oldu. Berluskoni “şəhərlilər”lə görüşdən sonra nəticənin uğursuz olduğunu açıqladı .Kakanın getmə ehtimalı azarkeşlərin narazılığı ilə qarşılandı, hətta bu etirazlar formasının yandırılmasına qədər irəlilədi. Onunla maraqlanan klublardan biri də “Chelsea” idi. “Milan”dan israrla “Kakanın satılmadığı” bildirilirdi. Qalliani də media vasitəsi ilə Abramoviçə “Kakadan əlini üz” mesajını göndərmişdi. Premyer Liqa klubları geri çəkildilər. Ancaq “Real Madrid” onu istədi və əldə etdi…

Kaka “mənim heç vaxt klubdan ayrılmaq kimi istəyim yox idi. Burda çox xoşbəxtəm və yaxşı dostlarım var” dedi, ancaq onu Madriddə daha yaxşı dostluqlar gözləyirdi. “Milan” azarkeşləri “Fiorentina” ilə oyun boyu braziliyalının qalması üçün çalışıb, “Kakanı satmayın” çağırışı etdilər. Filipe İnzaginin “zaman mənim haqlı olduğumu göstərəcək. Kaka karyerasını “Milan”da bitirəcək” sözləri belə Kakanın gedişinə mane olmadı. Bütün Milan Kakanın gələcəyi ilə bağlı qərar verərkən cibini deyil, ürəyini dinləməsini istədi… Kaka karyerasının qırılma nöqtələrindən birini “Milan”dan ayrılmaqla yaşadı.

Pelenin “mükəmməl oyunçu” hesab etdiyi Kaka karyerasında 1 pillə də yüksəlmək istəmişdi . Tam 6 il “Milan”da yüksək səviyyədə oynadı, “Qızıl topu”, ÇL kubokunu qazandı. “AS” nəşri ondan ispan klubu barədə soruşanda, bu diqqətin onun xoşuna gəldiyini bildirdi. İstəklər qarşılıqlı idi. “Qalaktikos” planları quran Fiorentino Perez Berluskoninin qapısını döydü. Çətin olmadı. 68,5 milyon avro Kakanı “Milan”dan qoparmağa yetdi. Əvvəlki prezidentin 6 ay heyətinə qatmaq üçün mübarizə apardığı sambaçınının transferini Perez 1 həftədə həll etdi. Media, niyə İngiltərəni yox, İspnaiyanı seçdiyini soruşanda Kakanın cavabı belə oldu: “İspaniyada olduğum üçün çox xoşbəxtəm”…

Qalliani Kakanın transferin “iqtisadi səbəblər”dən edildiyini bildirdi. Kaka “Santiaqo Bernabeu” təntənəli şəkildə təqdim olunarkən, “Milan” tribunaları kədərli idi. Aleksandro Moggi Kakanın transferini Zidanın 2001-ci ildə “Juventus”dan “Real”a keçidinə bənzədirdi. Kaka transferi haqqında ilk danışan da o vaxt “Real”da məsləhətçi kimi işləməyə başlayan Zidan olmuşdu. Zidan bir jurnalistin bu mövzuda sualını “Kaka “Real”la çoxdan razılaşmayıbmı?” deyərək cavabladı. Daha sonra vəziyyəti düzəltməyə çalışsa da, üz ifadəsi hər şeyi anladırdı…

“Rəqib komandaların necə dayandırmaq barədə fikirləri olmayan futbolçu idi. O gedəndən sonra “Milan” haqqında “adidir” deyilməyə başlandı”. Andrea Pirlo, “Milan” üçün Kakanı itirməyin böyük itki olduğunu bu sözlərlə ifadə etmişdi. Tək Pirlo yox, bütün İtaliya belə düşünürdü.

“Kral klubu”nda ilk ildə əvəzedilməzlərdən olsa da, növbəti mövsümöncəsi dizindən zədə aldı. Bu bəzi şeylərin yolunda getməyəcəyinə işarə idi. Növbəti mövsüm 4 ay meydandan uzaq qaldı. 2011-in yanvarında “Getafe” ilə matçın 77-ci dəqiqəsində Benzemanın əvəzinə meydana daxil oldu. Mourniyo oyunsonrası açıqlamasında, Kakanın komandaya “yeni transfer” kimi fayda verəcəyini açıqladı.

Uzun müddət dizindəki zədəyə görə müalicə aldı. Artıq əvvəlki Kaka deyildi. Keyfiyyətli idi, ancaq zədələr irəli getməsinə mane olur, geri çəkirdi. Elə bu vaxt, Zlatan İbrahimoviçin Kaka ilə dəyişdirilərək “Real”a gələcəyi barədə söhbətlər yayılmağa başladı. Mino Rayola “Real”dan heç kimlə görüşməmişəm. Kakanın menecerləri mənimlə əlaqə saxlamayıblar. İbra “İnter”də xoşbəxtdir” açıqlamasını verdi. Sonra da, Madrid klubunun yeni futbolçusu Mesut Özilin Kakanın yerini alması lazım olduğu barədə söhbətlər yayıldı. Kaka, özündən gənc olmasına baxmayaraq, Özildən yeni şeylər öyrəndiyini deməkdən çəkinmədi. Məsut, Kakanın yoxluğunda komandaya faydalı oyunu ilə diqqət çəkirdi. 53 oyunda 23 asistlə fərqlənən türk əsilli futbolçu, Kakanın sağalmasına rəğmən yerini möhkəmlədə bilmişdi. Üstəlik, komandanın digər oyunçusu Ronaldonun ulduzu Kakadan parlaq idi. Arsen Venger həmin dönəmlərdə “Kaka, çox yaxşı futbolçudur. Ancaq daha çox meydanda olması lazımdır. Mesut varkən bu çətindir” açıqlaması ilə reallığı ifadə etmişdi. Ardından Kaka 2013-cü ildə tvitter hesabında “Real”a və azarkeşlərinə vida etdi. Arxasında 120 oyun, 32 asist, 29 qol buraxdı.

2013-ün sentyabrında, Kakanın “Milan”a döndüyü açıqlandı. Hekayə qaldığı yerdən davam edirdi. Gələn kimi də azarkeşlərin könlünü almağa çalışdı: “Əslində heç ayrılmamışdım. Gecə 02:30-da bu qərarı verdim”. Klub üçün xüsusi olduğunu “Milan”da 100-cü qolu ilə bir daha sübut etdi. Bu qolla həmdə azarkeşlərlə arasında olan incikliyi apardı. Ancaq, yuxu tez bitdi. “Milan” Kaka ilə qarşılıqlı razılıq əsasında yolları ayırdığını açıqladı. MLS tarixinin ən çox qazananalarından biri “Orlando”ya keçdi. “San Paolo”ya vəfa borcunu da ödəməyi unutmadı. Braziliyada qısa müddət qaldı və 24 oyunda meydana çıxdı. MLS-də keçirdiyi 75 oyun sonra futbolla vidalaşmağa qərar verdi…

Bir müsahibəsində “Messidən də, Ronaldodan da daha yaxşı idim. Onları keçib “qızıl top”u belə aldım. Məndən sonra onlar bu mükafatı sıra ilə qazanırlar. Bu mənim üçün qürurverici durumdur” deyən Kaka, bəlkə indi də bəziləri üçün ən yaxşıdır. Bizlər də onu izləyə bildiyimiz, karyerasına şahidlik etdiyimiz üçün çox şanslıyıq…

mənbə: Goal.az (Zeynəb Əliyeva)

1. 016 baxış