“Çempionlar Liqasında oynadığımız üçün problemlərlə üzləşirik” – Konte

“Səbirli davranmalı, çətin vəziyyətdən çıxmaq üçün özümüzdə güc tapmalıyıq”. Offside.com.az saytı xəbər verir ki, bu sözləri “Çelsi”nin baş məşqçisi Antonio Konte deyib.

Çempionlar Liqasında “Qarabağ”la eyni qrupda yer alan “zadəganlar”ın çalışdırıcısı klubun rəsmi saytına açıqlama verib.

Komandasının cari mövsümdəki çıxışını dəyərləndirən italiyalı mütəxəssis son 2 görüş – “Mançester Siti” və “Kristal Pelas”la matçlardakı məğlubiyyətə toxunub.

Konte qeydə alınan uğursuz nəticələri zədəli oyunçuların çoxluğu ilə əlaqələndirib: “Mən komandanı, futbolçularımı yaxşı tanıyıram. Sərəncamımda işləmək arzusu olan və mübarizə aparanlar toplaşıb. Təbii ki, məğlubiyyətdən sonra razı ola bilmərik. Özü də ardıcıl ikinci məğlubiyyətə uğradıq. Bizim üçün xoş hal deyil və bunun səbəbləri çoxdu. Bəzi aparıcı futbolçularımızın xidmətindən istifadə edə bilmirik. Hər matçda hansısa oyunçumuz zədələnir. Buna baxmayaraq, futbolçularıma güvənirəm və hər birinə özünü göstərmək üçün şans verirəm”.

Konte cari mövsümdə paralel olaraq, Çempionlar Liqasında oynamalarının onlara çətinlik yaratdığını etiraf edib: “Hər mövsüm əvvəlkindən fərqlənir. Ötən mövsüm Çempionlar Liqası və ya Avropa Liqasında çıxış etmirdik. Bu il isə 4 müxtəlif turnirdə mübarizə aparırıq. Bu səbəbdən problemlərlə üzləşirik. 3-4 oyunçu zədə alanda çətinlik çəkirik. Gələcək üçün işlər görməli, yeni oyunçulara da Çempionlar Liqasında təcrübə toplamaq şansı verməliyik. Hər bir futbolçu “Çelsi”də oynamağa layiq olduğunu sübut etməlidi. Odu ki, bu mövsüm səbrli olmalıyıq”.

Qeyd edək ki, Çempionlar Liqasında “Qarabağ”la eyni qrupda mübarizə aparan “Çelsi” ilk 2 matçda qələbə qazanıb. İngiltərə Premyer Liqasında isə “zadəganlar” 8 turdan sonra 13 xal toplayıblar və turnir cədvəlində 5-ci pillədə qərarlaşıblar.

apasport.az

6 baxış