“İstəmirəm ki, azarkeşlərimiz məyus olsun”

“Hesabın böyük olmasına baxmayaraq, ağır oyun oldu. Psixoloji cəhətdən də çətin idi. Hesabda geri düşsək də, ikinci hissədə hesabı öz xeyrimizə dəyişə bildik. Futbolçulardan razı qaldım. Bir-birinə uyğunlaşmaq üçün vaxt lazımdır. Samir Abasova gələn oyunlarda uğurlar arzulayıram”.

Offside.com.az-ın məlumatına görə, bu sözləri “Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov Topaz Premyer Liqanın 6-cı turunda “Sumqayıt”a 4:1 hesabı ilə qalib gəldikləri oyundan sonra keçirilən mətbuat konfransında deyib. Daha sonra o, jurnalistlərin suallarını cavablandırıb

– Qırmızı vərəqə alan Miçelə sərt etiraz etdiniz…

– Hər oyundan öncə deyirəm ki, vərəqə alıb, komandanı pis vəziyyətdə qoymasınlar. Buna görə əsəbiləşdim.

– Hakim idarəçiliyindən razı qaldınız?

– Düşünmürəm ki, əleyhimizə verilən qərarlar qəsdən idi. Həmişə demişəm, hakimlik ən çətin işdi. Meydanda 22 nəfəri idarə etmək asan deyil.

– Ramil Şeydayevin oynamamasının səbəbi nə idi?

– Heç bir səbəb yoxdur. Sadəcə, Ramil komandaya bir qədər gec qoşulub. Uyğunlaşma üçün vaxt lazımdır. Oyunun gedişatından da çox şey asılıdır. Əlimizdə 23 nəfərlik heyət var. Bu oyunçulardan hər birinə şans verə bilərik.

– “Roma” ilə oyun barədə düşünməyə başlamısınız?

– Bəli, rəqibin bir neçə oyununa baxmışıq. Sabah oyunları var. Onu da izləməyə çalışacam. Artıq sözə ehtiyac yoxdur. Yaxşı komandadrı. Qarşılarına çıxana 3-4 qol vura-vura gedirlər (gülür).

– “Roma” ilə oyunda “Qarabağ”ı rekord sayda azarkeş dəstəkləyəcəyi gözlənilir…

– Heç vaxt istəmirəm ki, azarkeşlərimiz məyus olsun. “Roma” ilə oyunu səbrsizliklə gözləyirik. Azarkeşlərimizin dəstəyi bizə əlavə güc verəcək.

– “Sumqayıt”la oyundan sonra “Roma” ilə qarşılaşacaqsınız. Aradakı səviyyə fərqini deməyə ehtiyac yoxdur. Bu, komandaya necə təsir edəcək?

– Çempionatımızın səviyyəsi bir qədər aşağı düşüb. İstəyərdik ki, rəqabət bir az da artıq olsun. Ancaq təəssüf ki, komandaların sayı da, rəqabət də aşağı düşüb. Nə qədər istəyirik ki, digər çempionatlara yaxınlaşaq, əksinə, geri düşürük. Çalışırıq ki, güclü komandalarla oyunlarda tempə dözə bilək. İnşallah, yaxşı olar.

– Pedro Enrike necə təsir bağışladı?

– Bu gün daha yaxşı idi. Ümid edirəm ki, oyundan oyuna daha da artıracaq.

– Pedro Enrike öz səviyyəsinə görə digər oyunçulardan kəskin fərqlənir. Düşünmürsünüz ki, onun PAOK-da əsas heyətə düşməməsinə xarakteri səbəb olub?

– Heç vaxt düşünməmişəm ki, hansısa oyunçum digərlərindən bir baş üstündür. O ki qaldı PAOK-da əsas heyətə düşməməsinə, orda olanlar bizi maraqlandırmır. Pedro öz üzərində çalışan oyunçudur.

– Dino Ndlovunun səviyyəsi göz qabağındadır. Mahir Mədətov da get-gedə artırır. Sizcə, belə məqamda Ramil Şeydayev komandada şans qazana bilər?

– Ramil öz üzərində çox çalışır. Gələcəkdə onun xidmətinə də ehtiyacımız olacaq.

23 baxış