“Bakıda tam fərqli oyun göstərəcəyik”

“Bu gün uduzduq. Rəqibin qələbəsi layiqli idi. Məncə, hesab arasındakı fərq daha da böyük ola bilərdi”.

Offside.com.az-ın məlumatına görə, bu sözləri “Qəbələ”nin baş məşqçisi Roman Qriqorçuk Avroliqanın üçüncü təsnifat mərhələsinin ilk oyununda səfərdə “Panatinaikos”a 0:1 hesabı ilə uduzduqları görüşdən sonra deyib.

Oyunsonrası mətbuat konfransında ukraynalı mütəxəssis matçın gözlədiyi kimi keçdiyini bildirib:

“Buna hazır idik. Amma komandam bu gün bacardığı kimi oynamadı. Ona görə də narazı idim. Düzdür, rəqibin üstünlüyü var idi. Etiraf edirəm ki, “Panatinaikos” güclü oynadı. İstər taktiki cəhətdən olsun, istər yaxşı təşkilatlanmış. Oyun tərzi baxımından komandam tanınmaz idi”.

Yenilgiyə baxmayaraq, Qriqorçuk vurğulayıb ki, komandası Bakıda lazımi nəticəni qazana bilər:

“Cavab oyununda vəziyyəti dəyişə bilərik. Buna inanıram. Daha düzgün oynamağa gücümüz çatır. Mərhələ adlamaq şansımız var və bu, az deyil. Cavab matçında növbəti mərhələyə vəsiqənin taleyini xeyrimizə həll edə bilərik. Bakıda tam fərqli oyun göstərəcəyik”.

27 baxış