“…milliyə çağrıldığımı eşidəndə şoka düşdüm” – Filip Ozobiç

“Qəbələ”nin xorvatiyalı futbolçusu Filip Ozobiç UEFA-nın rəsmi saytına müsahibə verib. Apasport.az saytı yarımmüdafiəçinin milli komandaya çağrılması, klubundakı çıxışı və Azərbaycan futbolu haqqında danışdığı müsahibəni ixtisarla təqdim edir.

– İstirahət necə gedir?

– Hər şey əladı. Bir neçə gün futboldan uzaqlaşdım. Özümə, ailəmə, yaxınlarıma vaxt ayırdım. Daha sonra isə şəxsi məşqlərə başladım. Yanvarın 7-də milli komanda ilə birlikdə Çinə beynəlxalq turnirə yollanacam, ordan isə birbaşa Türkiyəyə “Qəbələ”nin təlim-məşq toplanışına gedəcəm.

 

– “Qəbələ”yə keçidiniz haqqında danışın…

– Yayda klubun baş meneceri Zaur Əzizov əlaqə saxladı. Daha sonra klub təmsilçiləri agentimlə danışıq apararaq razılığa gəldilər. Azərbaycana gedənə qədər bu ölkə haqqında eşitsəm də, ətraflı məlumatım yox idi. “Neftçi”nin 2011-ci ildə Çempionlar Liqasının təsnifat mərhələsində Zaqreb “Dinamo”su ilə qarşılaşdığından xəbərim var idi. Ondan əlavə “Qəbələ” və “Qarabağ”ın Avroliqanın qrup mərhələsində çıxış etdiklərini bilirdim. Hətta onların bəzi oyunlarını da izləmişdim. Üstəlik ölkə haqqında internetdən də araşdırma etmişdim. Hər şey gözlədiyimdən də yaxşı oldu.

 

– Qafqazda yaşamaq rahatdı?

– Azərbaycan mənim çox xoşuma gəlir. Bu ölkə haqqında ancaq yaxşı şeylər danışa bilərəm. İnsanlar çox istiqanlıdırlar. Mənimlə çox yaxşı davranırlar. Bakı müasir və gözəl şəhərdir. Burda istirahət üçün hər bir şərait var, qətiyyən darıxdırıcı deyil. Boş vaxt tapan kimi komanda yoldaşlarımla gəzməyə gedirik. Voyslav Stankoviç, Petar Franyiç və David Pietrzkeviç ilə çox yaxın müasibətdəyik.

 

– “Qəbələ”nin Avroliqadakı bu mövsümkü çıxışını necə dəyərləndirirsən? Komandanız bu dəfə də qrupdan çıxa bilmədi, üstəlik bütün oyunlarda da məğlub oldu…

– Əlbəttə, bizim qrupda qalmağımız və heç bir xal toplaya bilməməyimiz çox təəssüfləndirici məqamdı. Ancaq qəbul etməliyik ki, düşdüyümüz qrup çox çətin idi. Bununla belə şanslarımız oldu, qollar vurduq. Hətta bəzi hallarda ən az heç-heçəyə yaxın olsaq da, hansısa kobud səhv ucbatından bu, alınmadı. Ancaq heç nə olmaz, bu dəfə alınmadısa, gələn dəfə cəhd edərik. Oyunçularda heç bir psixoloji problem olmadı və indi də yoxdur. Həm çempionatda, həm də ölkə kubokunda işlərimiz yaxşı gedir. Premyer Liqada lider “Qarabağ”dan sadəcə 1 xal geri qalırıq, kubokda isə yarımfinaldayıq və mübarizəmiz davam edir. Bundan sonrakı bütün hədəflərimiz daxili yarışlarda uğurlu çıxış etməkdir.

 

– Xorvatiya millisinə dəvət almaq sizin üçün gözlənilməz olmadı ki?

– Deyə bilmərəm ki, milliyə çağrıldığımı eşidəndə şoka düşdüm. Çünki mən həmişə belə bir təklif almaq üçün öz üzərimdə çox çalışmışam. Birdən mənə zəng edirlər və belə bir xəbər verirlər. Həqiqətən də çox qürurlandım. Bütün dünya bilir ki, bizim millimiz çox güclüdür və belə bir komandanın içində olmaq mənim üçün şərəfdi.

 

– Luka Modriç, İvan Rakitiç, Mario Mancukiç və digərləri Avropanın ən yaxşı klublarında çıxış edirlər. Bu cür ulduzlarla rəqabət aparmaq çətin olmayacaq ki?

– Dediyiniz oyunçular Çində komandanın heyətində olmayacaqlar. Toplanışda iştirak edəcək hər kəs özünü yaxşı tərəfdən göstərmək və növbəti çağırışlarda dəvət almaq istəyir. Mən özümə inanıram. Ən yaxşı oyunumu göstərmək istəyirəm. Bundan sonrası isə baş məşqçinin işidir.

 

– Necə düşünürsünüz, milliyə dəvət almaq sizin karyeranız üçün də müsbət amil olacaqmı? Məsələn daha yaxşı kluba keçə bilərsiz…

– Sözün açığı, bu barədə heç vaxt düşünməmişəm. “Qəbələ”yə təzə gəlmişəm və bütün fikrim bu klubda uğurlu çıxış etməkdir.

 

– Azərbaycanda sizin həmyerliniz Robert Prosineçki də işləyir. Onun milli komandadakı işini uğurlu saymaq olarmı?

– Hamı Prosineçkinin necə möhtəşəm bir futbolçu olduğunu yaxşı bilir. O həm də yaxşı insandır. Düşünürəm ki, o, Azərbaycan millisində pis nəticələr qazanmayıb, düzdür, bu nəticələr daha da yaxşı ola bilər. Bu komanda gələcəkdə daha uğurlu nəticələr qazanmaq potensialındadır. Onlara azarkeşlik edirəm.

 

– “Qəbələ”nin uğurlarının əsas memarı Roman Qriqorçukdur. Siz necə xarakterizə edə bilərsiz ukraynalı mütəxəssisi?

– Roman İosifoviç özünü yaxşı mütəxəssis kimi çoxdan təsdiq edib. Ardıcıl iki dəfə “Qəbələ”ni Avroliqanın qrup mərhələsinə çıxarıb. Onu çox güclü baş məşqçi hesab edirəm və düşünürəm ki, Qriqorçukun rəhbərliyi ilə biz bu mövsüm ilk dəfə Azərbaycan çempionu ola biləcəyik.

 

– Çempionlar Liqasında qrup mərhələsində çıxış edə biləcəyinizə inanırsız?

– Təsnifat mərhələsində çıxış edən hər komanda qruplara qədər irəliləyə bilər. Əgər biz ölkə çempionu olsaq və ÇL-nin təsnifat mərhələsində çıxış etsək, o zaman əlbəttə ki, bizdə arzu da, istək də, hədəf də qrup mərhələsinə düşmək yönündə olacaq. “Qəbələ”nin heyətində güclü və peşəkar futbolçular var və biz ÇL-də uğurlu çıxış edə bilərik.

 

– Klub haqqında başqa nə deyə bilərsiz?

– Bizim kollektivdə çox gözəl atmosfer var. Hamı bir-biri ilə dostluq edir və düşünürəm ki, bu, meydanda da görünür. Bizim həmişə bir hədəfimiz olub – qələbə qazanmaq. Qarşılaşdığımız hər rəqibi məğlub etmək istəyirik. Taktikaya gəlincə isə biz həm qısa, həm də uzun ötürmələrlə oynayırıq. Hər şey oyunun gedişindən və situasiyadan asılıdır.

 

– “Qəbələ”də infrastruktur necədir?

– Bizim böyük Avropa klublarında olduğu kimi möhtəşəm bazamız, bir neçə oyun və məşq meydançamız var. Şərait əladır. Futbolçulara isə ancaq hazırlaşmaq və çıxıb qələbə qazanmaq qalır.

178 baxış