Emin Mahmudov: Kim oynaya bilmir, məşqçini pisləyir – MÜSAHİBƏ

Milli komandamızın üzvü Emin Mahmudov Rusiyanın “Sovetski Sport” nəşrinə geniş müsahibə verib. Offside.com.az həmin müsahibəni bəzi ixtisarlarla təqdim edir.
– “Spartak”da yaxşı başlamışdınız, necə oldu ki, sonra komandadan getdiniz?
– Çətin idi. Gənc idim, cəmi 18 yaşım var idi. Ola bilsin ki, əvvəlcə çox şans var idi, ancaq daha sonra oynamamağa başladım və “Tom”a icarəyə verildim. Bu isə geriyə addım idi. Ancaq günahkar özüməm. Karyeramı idarə edə bilmədim.
– “Spartak”a getdiyiniz üçün peşmansınızmı?
– Xeyr. “Spartak”a ikinci dəfə kimisə çağırmırlar. Orda oynamağı hamı arzulayır.
– Sizin və digər rus oyunçuların Karpinlə münasibətiniz necə idi? Komandadakı braziliyalılar onu hələ də böyük qardaş kimi sayırlar…
– Fərqli idi. Kiminləsə yaxşı idi, kiminləsə pis. Kim ki, oynaya bilmir, məşqçini pisləyir. Mən isə “Spartak”da oynadığım üçün Karpinə minnətdaram. Başqa heç nə.
– Azərbaycan pasportu almaq və milli komandada oynamaq haqqında qərarı necə verdiz?
– Bu barədə çox düşündüm, ancaq qərarı çoxdan vermişdim. Təxminən iki il bundan qabaq Azərbaycan millisində oynamağı istəyirdim. Üstəlik Portuqaliyaya gediş də bunda rol oynadı. Çünki Rusiyada çıxış edərkən xarici vətəndaş statusu almaq istəmirdim. Beləcə qərar verdik.
– Artıq siz Rusiyada legioner sayılırsız. Yenidən qayıtmaq haqqında fikirləşirsinizmi, yoxsa Avropada davam edəcəksiz?
– Avropada daha çox oynamaq istəyirəm. Çalışacam ki, orda ən yaxşı çempionatlarda çıxış edim. İngiltərə Premyer Liqasını sevsəm də, orda mənə ağır olar. Oyun stilimə ən uyğun gələn La Liqadır.
– “Boavişta” variantı necə yarandı?
– Agentim dedi ki, Portuqaliyada çıxış etmək imkanı var. Dəqiq iki maraqlanan klub var idi. Məsləhət gördülər ki, “Boavişta” daha uyğun variantdır. Mən də razılaşdım. Başqa ölkədən də təklif var idi, ancaq Portuqaliya çempionatı mənə daha yaxın idi.
– Deyəsən həmin vaxt “Krılya Sovetov”la müqaviləniz var idi…
– Bəli, baş məşqçi mənə güvənmirdi, belə olan halda rəhbərliklə danışdım ki, məni buraxın gedim. Portuqaliya klublarında oyunçu almaq üçün pul yoxdu. Üstəlik Azərbaycan millisində çıxış etdiyim üçün legioner limiti də var idi.
– Müqavilənizin ləğvi ilə bağlı hansısa problem olmadı?
– Xeyr. Rəhbərliyə çox minnətdaram ki, mənə həmişə dəstək oldular, xüsusilə də, zədəli olduğum vaxtlarda.

apasport.az

108 baxış