Paulo Souza “Qarabağ”ı “Sassuolo” ilə müqayisə etdi

“Ağır Azərbaycan səfərindən sonra “Sassuolo” önünə çıxmaq heç də asan olmadı”. Offside.com.az xəbər verir ki, bunu “Fiorentina”nın baş məşqçisi Paulo Souza deyib.
Avropa Liqasının qrup mərhələsi çərçivəsində keçirdiyi son matçda “Qarabağ” üzərində səfər qələbəsi qazanan Florensiya təmsilçisi İtaliya A seriyasının XVI turunda evdə “Sassuolo”nu eyni hesabla məğlub edib – 2:1. Qarşılaşma ilə bağlı yerli mətbuata danışan Souza komandasının qısa müddətdə iki çətin sınaqdan üzüağ çıxdığını vurğulayıb.
O, “Sassuolo” ilə “Qarabağ”ın fərqli oyun göstərdiklərini də əlavə edib: “Biz iki gün ərzində Azərbaycana yollandıq və qayıtdıq. Komanda tam bərpa olmamış “Sassuolo” önünə çıxdı. Əlbəttə ki, yorğunluq var idi. Üstəlik, “Qarabağ”la “Sassuolo”nun oyun üslubu da eyni deyil. Qısa müddətdə uzun yol qət edib, iki fərqli sistemə malik komandalarla qarşılaşmaq heç də asan deyil. Buna baxmayaraq, hər iki görüşdə qələbə qazandığımız üçün şadıq”.
“Qarabağ”ın yer aldığı J qrupunu lider kimi tamamlayan “Fiorentina” Avropa Liqasının 1/16 final mərhələsində Mönhenqladbax “Borussiya”sı ilə qarşılaşacaq. Rəqib haqda ehtiyatlı danışan portuqaliyalı mütəxəssis onlarla oyunların daha çətin olacağını düşünür: “Borussiya” Çempionlar Liqasından gəlmiş komandadı və ötən mövsümü yüksək səviyyədə keçirib. Onlar qrupda qarşılaşdığımız komandalara bənzəmirlər. Bundesliqa təmsilçisi daha güclüdü və onlarla oyunlarda həddən artıq güc sərf etməli olacağıq. Əminəm ki, azarkeşlər növbəti mərhələdə “Fiorentina” və “Borussiya”nın ifasında iki möhtəşəm oyun izləyəcəklər”.
“Sassuolo” ilə matçda dubl edərək “Fiorentina”ya qələbə qazandıran Nikola Kaliniçi də tərifləyən baş məşqçi bunu futbolçunun Bakıda az oynaması ilə əlaqələndirib: “Kaliniçi Avroliqanın son görüşündə az oynatmağımın səbəbi “Sassuolo” ilə qarşılaşmaya daha hazırlıqlı duruma gətirmək idi. Hər şey plana uyğun şəkildə keçdi. Nəticədə Nikola çempionat matçını yüksək səviyyədə keçirdi. Ona görə çox sevindim”.

apasport.az

167 baxış