BLOQ: Modriçin yolu

2008-ci il Avropa çempionatı. Xorvatiyanın qrup matçından əvvəl canlı yayımda qonaq olan Ağasəlim Mircavadov onu “başımın bəlası” adlandırmışdı. O bir il əvvəl Zaqreb Dinamosunun heyətində Bakıya gəlmiş, həm Xəzər Lənkəran, həm də Mircavadov üçün əsl baş ağrısı olmuşdu. Son “El Klasiko” zamanı mərkəz yarımmüdafiəçisi üçün inanılmaz oyun sərgiləyən Luka bu nöqtəyə bir sıra uğurlu futbolçular kimi çox mürəkkəb yollardan keçərək gəlmişdi.
Xorvatiyanın Zadar şəhərində dünyaya göz açan Luka valideynləri və babası ilə bir yaşayırdı. Bütün Yuqoslaviyanı bürümüş mənasız vətəndaş müharibəsi artıq onun doğma şəhərinin qapısını döyürdü. Davam edən “serb üsyanları” nəticəsində düşmənlər Lukanın babasını öldürürlər və ailəsi artıq yaşadıqları evi tərk edərək nisbətən sakit ərazilərdə yerləşən mehmanxanada yaşamağa başlayır. Mehmanxanın həyətində daim topla vaxt keçirən Luka “Zadar Hotel”in direktorunun diqqətini çəkir. O şəxs ki, bir vaxtlar “Zadar FK”-da çalışmışdı və bir gün keçmiş klubunun rəhbərliyinə Luka haqda məlumat verir. Klubun məşqçilərindən biri onun oynunu izləyir və onu komandaya dəvət edir. Müharibənin ən şiddətli vaxtına düşən bu dövrdə Luka bomba və mərmilər atılmış meydançada məşq edirdi. Fiziki göstəriciləri heç də yaxşı olmayan Luka texnikası hesabına bütün uşaq məşqçilərinin rəğbətini qazanır. Utancaq və təbiətcə sakit uşaq olan Luka “Hayduk Split”ə baxışa yollanır. Bu da səbəbiz deyildi. Həmin illərdə Zadar sakinləri birmənalı olaraq “Hayduk” klubuna azarkeşlik edirdilər. “Hayduk” məşqçiləri isə bu cansız və bəstəboy futbolçunu zəif adlandıraraq kluba qəbul etmirlər. Bu qərar Lukanı çox məyus edir və futbolu buraxmaq fikrinə düşür. Ailəsi, dostları və məşqçiləri onu həvəsləndirə bilirlər və Luka futbol oynamağa davam edir. Zadar FK-nın heyətində diqqəti cəlb edən Luka Xorvatiyanın futbol nəhəngi Dinamo Zaqrebin sıralarına qoşulur. Ardıcıl olaraq 2 il, “Zrinski” və “Zapresiç” klublarına icarəyə göndərildikdən sonra Dinamonun əsas heyətinə qoşulur və qisas anı yetişir – “Hayduk Split” ilə matçda gənc 10 nömrə möhtəşəm zərbə ilə qol vurur. Bu qol komandasına qələbə gətirir. Eyni ssenari 3 ay sonra yenə təkrarlanır və Modriçin qolu derbidə yeganə olur.
Bütün xorvatlar…
“Dinamo” ilə artıq tam yetişmiş Luka Modriç “Tottenhem” daha sonra isə “Real Madrid”ə transfer olunur. Kral klubuna transfer edildikdə onun “Zapresiç”dəki məşqçisi Sreçko Boqdan məşhur “Canal+”a müsahibəsində demişdi: “Bütün xorvatlar Modriçin Real Madriddə uğur qazanmasını istəyir”. Real Madridin heyətində ilk matçı İspaniya Super Kubokuna təsadüf edirdi. Rəqib isə “Barcelona FC” idi. Matçdan bir saat əvvəldən Zaqreb şəhərinin mərkəzi meydanında olan restoranın həyətində açıq havada təşkil edilən yayım üçün yerimi hazırlamışdım. Ətrafda çox az adam var idi. Uzun müddət gözlədikdən sonra 83-cü dəqiqədə nəhayət Modriç meydana daxil oldu. Ətrafımdakı alqışları eşidib geri çevrilərək Bəxtiyar filmindəki kimi 200-ə yaxın azarkeşin matçı izlədiyini gördüm. Matçın sonlarına yaxın Modriç qapı dirəyini nişan alır və xorvatların qışqırmasından sonra tüklərimin biz-biz olduğunu hiss etdim. Sreçko Boqdanın dediyi “bütün xorvatları” orda anlamaq olardı.
PS: Luka Modriçin son “El Klasiko”da çıxışı

821 baxış