BLOQ: Avropadan real hekayələr

İnsanların şəxsi hekayələrini həmişə maraqla izlədiyimdən onlar özümdən asılı olmadan yaddaşıma yazılır. O hekayələrdən 3-ünü paylaşmaq qərarına gəldim.

***

Barda içkilərin satıldığı yerin qarşısında həddən çox adam var idi, qətiyyən azalmaq bilmirdi. Növbə gözləmək o qədər uzun çəkdi ki, yanımdakı alman ilə ayaqüstü söhbətləşməyə də imkan tapdıq. Alman olmasını əynindəki “Bayern” formasından rahatlıqla anlamaq olardı. Azərbaycanlı olduğumu eşidəndə, “Sizin stadionu görmüşəm” dedi. Mən də stadionun alman əsirlərə tikdirildiyini və bir az Bavariyanın əvvəlki stadionu – Olympiastadion’a bənzədiyini söylədim. O isə, heç nəyin Olympiastadion’a bənzəmədiyini iddia etdi və dedi: “Uşaq olanda atamla Olympiastadion’a Bavariyanın oyunlarına baxmağa gedirdik. Soyuq, yağışlı, şaxtalı havalarda boğazımız ağrıyana qədər qışqırırdıq. Sonra Allianz Arena’nı tikdilər… İndi biletlər əvvəlkindən bahadı. Allianz Arena’ya daha çox varlılar, turistlər və imkanı çatan azarkeşlər gedir, onların əksəriyyəti isə bizim kimi qışqırmır… Elber (Giovane Elber) Olimpique Lyon’a keçəndən sonra Bavariyaya qol vurub ağlayanda mən stadionda idim… (susdu) – həmin Bavariya, həmin azarkeşlər heç vaxt indiki ilə müqayisə oluna bilməz.”

Картинки по запросу elber lyon

***

Azarkeşi olduğum klub Avroliqa yarımfinal matçının son saniyələrində qol buraxmaqla finalın bir addımlığında mübarizəni dayandırmışdı. Xoşbəxtlikdən ya bədbəxtlikdən qaldığım mehmanxana düz stadionun yanında yerləşirdi və oyun bitəndən sonra oteldə qala bilməyib havamı dəyişmək üçün şəhərə gəzməyə çıxdım. Stadionun lap yaxınlığında klubun azarkeşlərinə həsr edilmiş bir abidə var. Otelə qayıdarkən həmin abidənin altında narıncı futbolkalı bir azarkeş gördüm. Əllərimi yana açıb, “nə etmək olar?!” dedim. O isə: “Hər şeyi başa düşmək olar… amma sənin oğlun hələ də burda – bizim futbol məktəbində oxuyur axı” dedi. Rəqib komandanın baş məşqçisi son saniyələrdə vurulan qoldan sonra az qala meydanın mərkəzinə qədər qaçıb qolu qeyd etmişdi. Əslində ən üzücü məqam, nə son anda əldən çıxan final, nə də klubların bir-birinə son illər artan hədsiz nifrət idi, səbəb 4 il meydan sahiblərinin baş məşqçisi olmuş Unai Emery’nin indi rəqibin məşqçisi kimi etdiyi “hərəkət” idi. Narıncı futbolkalı azarkeş isə davam elədi: “Emery başa düşmür ki, bizim azarkeşlərin yarısı ona nifrət edirdisə, qalan yarısı onu dəli kimi sevirdi. Ona nifrət edənlərdən haqlı olaraq qisasını aldı. Amma, bir o qədər də, bizim – onu sevən azarkeşlərin də qəlbini qırdı. Hər şeyi başa düşmək olar… amma sənin oğlun hələ də burda – bizim futbol məktəbində oxuyur axı. Heç olmasa oğluna görə bir az az sevinəydin…”

Картинки по запросу unai emery valencia sevilla

***

Liverpool azarkeşi olduğunu biləndə onunla 2005-ci il İstanbul finalı haqda danışacağımızı fikirləşdim. Amma onun bölüşmək istədiyi tamamilə başqa bir xatirəsi var imiş. “Artıq 8 il idi ki, Avstraliyada yaşayırdım, bir dəfə də olsun İngiltərəyə qayıtmamışdım və Anfield üçün çox darıxırdım… 2013-cü ildə Liverpool yerli “Melbourne Victory” ilə yoldaşlıq görüşü keçirəcəkdi. Evə gəldim və sevdiyim qıza Liverpool’un Avstraliyaya gələcəyini dedim, çox həyəcanlı idim. İndi artıq yoldaşım olan o vaxtkı slovakialı qız heç vaxt futbolla maraqlanmırdı. Oyun günü stadionda Liverpool’un məşhur “You Will Never Walk Alone” mahnısı səslənəndə sevdiyim qız artıq əzbərlədiyi mahnını mənimlə bir oxuyurdu. Həmin gün mənim üçün xoşbəxtliyin limiti yox idi… əlbəttə ki, Liverpool qalib gəldi…”

Картинки по запросу liverpool melbourne victory

PS: Bu məqaləni yazmaq üçün həmsöhbətlərimin hər birindən icazə alınıb.

PPS: İllustrasiyaya görə Fərid Hüseynliyə təşəkkürlər.

Aslan MƏHƏRRƏMLİ

1. 573 baxış