Teo Uiks: “Avroliqanın qrup mərhələsində oynamaq istəyirik”

“Qəbələ”nin hücumçusu Teo Uiks Avropa Liqasının ikinci təsnifat mərhələsi çərçivəsində Macarıstanın MTK klubuna qarşı keçirdikləri cavab oyunundan (2:0, ilk oyun – 2:1) sonra azerisport.az saytının suallarını cavablandırıb:

– Razısınız ki, qələbəni elə də çətinlik çəkmədən əldə etdiniz?
– Xeyr, bununla razı deyiləm. Kənardan necə göründüyünü deyə bilmərəm, amma qələbə asan başa gəlmədi. Heç kim “Qəbələ”nin asanlıqla mərhələ keçdiyini deyə bilməz.

– Birinci təsnifat mərhələsində keçdiyiniz Gürcüstan “Samtredia”sı güclü idi, ya MTK?
– Mənə elə gəlir ki, Gürcüstan klubu daha güclü idi. “Samtredia”nın heyətində çoxlu gənc futbolçu var idi. Onlar bir dəqiqə də dayanmırdılar. MTK da yaxşı komandadır. Amma gürcülərdən geri qaldıqlarını düşünürəm.

– Növbəti rəqib Fransanın “Lill” klubudur. Bu komanda ilə oyunlarda şanslarınız barədə nə düşünürsünüz?
– İndi əksəriyyət bizim şansımızın az olduğunu düşünür. Çünki “Lill” güclü komandadır. Amma “Qəbələ”nin bu rəqibi keçə bilməyəcəyini düşünənlərlə razılaşmıram. Bizim şansımız var. Toparlanmaq və mübarizə aparmaq lazımdır.

– Rəqibin heyətində son Avropa çempionu – Eder də var…
– Onu yaxşı tanıyıram. Portuqaliyada oynayanda tez-tez meydanda görüşürdük. Necə futbolçu olduğunu bilirəm. Ona qarşı oynamaq olar.

– “Qəbələ”yə gələndən sonra tez-tez qol vurursunuz…
– Bombardir olmaqdansa “Qəbələ”nin qələbə qazanmasını daha çox istəyirəm. Yenə qrup mərhələsində oynamaq istəyirik. Amma təbii ki, vurduğum hər bir qola da sevinirəm. Çünki vurduğumuz hər qol bizi qələbələrə daha da yaxınlaşdırır.

42 baxış