TARİXİ DƏYİŞƏN FUTBOL MATÇLARI

Oturmusan TV-nin qarşısında. Komandana azarkeşlik edirsən. Top qapı xəttini keçir. Ürəyin istədiyi qədər qışqıra bilərsən: “QOL! QOL! QOL!”. Bütün bunların nələrə səbəb olacağını fikirləşmədən. Bəlkə də heç nə olmayacaq, gedib rahat yatacaqsan, amma bəlkə də…

Aşağıdakı siyahıda həmin “bəlkə”ləri görə bilərsiniz. Minlərlə insanın, ölkələrin həyatına və hətta tarixi gedişatına təsir göstərən futbol matçları!

5. SSRİ 3-2 Almaniya Federativ Respublikası

Müharibənin bitməsindən 10 il keçməsinə baxmayaraq, iki dövlət arasında münasibətlər gərgin olaraq qalmaqda idi. Rəsmi olaraq, heç sülh müqaviləsi də imzalanmamışdı. İnsanlar arasında münasibətlər isə daha gərgin idi. Ruslar “alman” dedikdə ilk növbədə natsistlərin törətdikləri vəhşilikləri xatırlayırdılar.

10062016165817979_2.png

Oyundan əvvəl əlsıxma. Kapitanlar İqor Netto və Friç Valter.

1955-ci ilin avqustunda heç ölkələrarası diplomatik münasibətlər belə bərpa edilməmişdi. Bu yalnız bir ay sonra baş verdi. Və belə məqamda Moskvada yoldaşlıq oyunu!

Oyun günü Moskvaya 1500 nəfərədək alman turisti səfər etmişdi. Moskva sakinlərinin xatırladığına görə, həmin günü faktiki olaraq ruslar və almanlar arasında barışıq əldə olunmuşdu. Artıq onlar bir-birinə düşmən kimi baxmırdılar. Futbol insanlar arasında sülh körpüsü yaratmışdı.

Oyuna gəlincə, öncə dünya çempionları 1-2 hesablı üstünlüyə sahib olsalar da, daha sonra SSRİ yığmasının iki qolu vəziyyəti sovetlərin xeyrinə dəyişdi. Beləcə, nə şiş yandı, nə kabab. Hamı da xoşbəxt idi.

4. Fənərbaxça 2-1 Coldstream Guards

Birinci Dünya Müharibəsindəki məğlubiyyətindən sonra yəni, 13 noyabr 1918-ci ildə İstanbul ingilislər tərəfindən işğal olundu. Bu fakt bütün Osmanlı ərazisində böyük ruh düşkünlüyünə səbəb oldu. Buna baxmayaraq, şəhər futbolsuz qalmamışdı. İngilislər türk futbol klubları ilə yoldaşlıq matçları keçirməyə və futbol meydanında da onları məğlub etməyə həvəsli idilər. Lakin əksi baş verdi.

10062016165817886_1.png

Taksim stadionu.

İngilislərin daha çox oyun keçirdiyi “Fənərbaxça” futbol klubu 1918-23-cü illərdə bu oyunlarda 41 qələbə qazanmış, 4 heç-heçə etmiş və yalnızca 5 oyunda meydanı məğlub tərk etmişdi. Lakin fərq olduqca böyük olaraq qalırdı.

“Fənərbaxça” futbolçuları yalnız yaşıl meydanda deyil, döyüş meydanında da cəsarətlərini subüt etmişdilər. Onlar klubun binası olan “Kurbağalıdere”dən qayıqlarla Anadoluya silah aparır, döyüşlərdə iştirak edir, sonra yenidən futbol matçlarında iştirak üçün İstanbula qayıdırdılar. Beləcə, Fənərbaxça işğalçılara qarşı iki cəbhədə mübarizə aparırdı.

Buna görə də, General Harrington 1923-cü ilin iyununda öz adına kubok təsis etmək və yekun oyun keçirmək qərarına gəlir. General bütün güclü futbolçularını səfərbər etmişdi, hətta İngiltərədən 4 peşəkar futbolçu da dəvət olunmuşdu. Türk qəzetlərində isə belə elan yerləşdirilmişdi:

“Gardler Muhteliti Türk kulüplerine meydan okuyor. Galibine, Başkumandanın adını taşıyan büyük bir kupa verilecek. Bu maça Türk kulüpleri diledikleri gibi takviye de alabilirler.”

“Fənərbaxça”nın cavabında isə əsl türk döyüşkənliyi hiss olunurdu:

“Fenerbahçe Kulübü yalnız kendi kadrosuyla bu maçı şartsız olarak kabul eder”.

Sentyabrda ingilislərin İstanbulu tərk etməsi bilindiyindən General Hantington türkləri məğlub əhvalına salmaq, özü isə şəhəri tərk etsə belə qalibiyyət hissini özündə saxlamaq istəyirdi. Lakin sən saydığını say…

Hesabı ingilislər açsalar da, Zeki Rıza Sporelin 60 və 74-cü dəqiqələrdəki qolları hesabı türklərin xeyrinə dəyişdi və General Hantingtonun adını daşıyan 80 sm. hündürlüyündəki gümüş kubok “Fənərə” təqdim olundu.

Bu, eləcə də digər oyunlarda “Fənərbaxça”nın ingilisləri məğlub etməsi İstanbul əhalisinin döyüş əzmini xeyli qaldırmış, işğalçılar üzərində üstünlük hissi qazandırmışdı.

3. “Dinamo” Leninqrad 6-0 Leninqrad metal zavodu

Hər hissə adətən olduğu kimi 45 yox, 30 dəqiqə davam edirdi. Səbəb çox sadə idi. Ayaq üstündə dayanmağa belə hal yox idi. Xatirələrin birində deyilir ki, kimin daha çox çörək almaq üçün kartoçkası vardısa, o da qalib gəlirdi.

31 may 1942-ci il. Blokada şəraitində yaşayan Leninqradda futbol matçı. Hətta oyun keçirməyə belə meydan yox idi. Dinamo stadionu mərmi partlayışlarından yararsız vəziyyətə düşmüşdü. Oyun ehtiyat meydançada keçirildi. İkinci hissənin ortasında hava bombardmanı. Hakim oyunu saxladı və futbolçularla tamaşaçıları sığınacağa apardı. Təsəvvür etmək belə çətindir.

10062016165817416_0.png

Həmin tarixi oyunun xatirəsinə olan abidə.

Böyükhesablı məğlubiyyətə baxmayaraq, futbolçular meydanı qucaqlaşaraq tərk edirdilər. Çünki bu 6 qol Dinamoya deyil, bütün şəhərə məxsusdur.

Hər gün aclıqdan daha çox insanın öldüyü bir şəhərə çevrilən Leninqrad üçün bu futbol matçı böyük psixoloji önəm daşıyırdı. “Ölülər şəhəri”ində dirilərin oyunu. Demək ki, şəhər ölməyib. Beləcə, insanlar dözdülər və qalib gəldilər.

2. Honduras 1-0 Salvador

“Qomez son dəqiqələrdəki qolu ilə sanki barıt anbarına atəş açdı”. Bu matç haqqında danışarkən jurnalistlərdən birinin dediyi bu sözlərdən daha dəqiq ifadə tapmaq çətin olar. Futbol heç də həmişə xoş hisslərə səbəb olmur. Bu fakt üzrə isə vəziyyət daha gərgin oldu. Müharibə!

Əslində Mərkəzi Amerkanın iki ölkənin – Hondurasla Salvadorun münasibətləri elə oyundan əvvəl də yaxşı deyildi. Üstəgəl, daxili problemlər və bu problemlərin qonşu üstünə almasının gərəkliyi fikri.

10062016165804057_0.png

Müharibədə iştirak etmiş on mindən çox əsgərdən yalnızca beşi.

Dünya çempionatı, 1970-in seçmə mərhələsi. 6 iyun 1969-cu il. Oyundan sonra salvadorlu bir xanım ölkəsinin belə rüsvayçılığına dözə bilməyəcəyini bəyan edərək intihar edir. Bu, vəziyyəti daha da gərginləşdirir. Hər iki ölkədə qarşılıqlı ittihamlar başlayır. Hərbi qüvvələrin səfərbər olunması. Yekunda isə müharibə! 14-18 iyul tarixlərində davam edən müharibə tarixə həmçinin “100 saatlıq müharibə” kimi də daxil olub. Ancaq bu 100 saat ərzində iki mindən çox insan həyatını itirdi. Hər iki ölkə dağıntılara məruz qaldı, iqtisadi cəhətdən bir az da zəiflədi. Müharibə həmçinin, Mərkəzi Amerikadakı regional inteqrasiya və ümumi bazar kimi məsələləri də dəfn etdi.

1. Almaniya 3-2 Macarıstan

Müharibədən sonrakı Almaniya. 1954-cü il. Dağıntılar, üzüntülər, ümumi ruh düşkünlüyü. Və birdən möcüzə. Bern möcüzəsi!

1954-cü ilin finalında Almaniya yığması gözlənilmədən finala çıxdı. Qrup mərhələsində 8-3 hesabı ilə məğlub olduqları Macarıstan onlara rəqib olacaqdı. Macar futbolçular qələbəyə elə əmin idilər ki, hətta bir gün öncə Bernə onların həyat yoldaşları dəvət olunmuş, dünya çempionluqları şərəfinə ziyafət hazırlıqlarına start verilmişdi. Əslində oyunun ilk 8 dəqiqəsi də bunu deyirdi. Hesabda macarlar 2-0 öndə idilər.

10062016165717697_0.png

Ranın qələbə qolu.

Lakin 10-cu dəqiqədə Morlok hesab arasındakı fərqi azaltdı. 8 dəqiqə sonra Ran hesabı 2-2 etdi. Oyunun bitməsinə cəmi 6 dəqiqə qalmış isə Ranın qələbə qolu!

Politoloq və sosioloqlar hesab edirlər ki, Berndəki bu qələbə Almaniyada iqtisadi inkişafa səbəb olmuşdu. Hətta matçın keçirildiyi 4 iyul tarixinin AFR-in doğum günü olduğunu qeyd edənlər də var.

Həmin günü müharibədən sonra ilk dəfə idi ki, Almaniyanın himni beynəlxalq tədbirlərdə səslənirdi. Bu kimi faktlar almanların məğlub ruhdan qurtulmağa və inkişaf etməyə sövq edən amillərdən idi.

Müəllif: Ayaz İlyasov

Mənbə: admiral.az

81 baxış